Zaurpress.az
Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun zərərçəkmiş olduğu cinayət işi ilə bağlı daha bir tanınmış iş adamı cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri olmuş Abid Mamedov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
A.Mamedov hazırda həbsdə olan “Azfinance İnvestisiya Şirkəti”nin direktoru İntiqam Səfərəliyevlə birgə xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir. Lakin Mamedov ölkədə olmadığı üçün onun tutulması mümkün olmayıb.
İttihama gəlincə, İntiqam Səfərəliyev və Abid Mamedovla Tale Heydərov arasında alqı-satqı münasibətləri olub. Onlar Heydərova milyonlarla manat dəyərində zavod satıblar. Lakin sonuncu sonradan müqavilədən imtina edərək aldadıldığını bildirib və prokurorluğa şikayət edib.Tale Heydərov istintaqda ona 11 milyon 903 min manat ziyan dəydiyini deyib. Yekunda dəymiş ziyanın məbləği də bu həcmdə müəyyən edilib.
Hazırda İntiqam Səfərəliyevin işi üzrə ilkin istintaq yekunlaşıb, Abid Mamedovun işi isə ayrıca icraata ayrılıb və o, axtarışa verilib.



































