Masazır-Novxanı yolunda ərazi topraqla doldurulur: Abdin Fərzəliyev hansı şərtlərlə tikintiyə icazə verib?
Abşeron rayonu ərazisində növbəti qanunsuz tikintiyə hazırlıq işləri aparılır.
XALQ-a daxil olan məlumata görə, Masazır ərazisində (Masazır-Novxanı yolunun sağ hissəsində) ağır texnika ilə ərazini tikintiyə hazırlıq vəziyyətinə gətirilməsi üçün işlər görülür. Həmçinin əraziyə artıq tikinti materialları gətirilərək növbəti mərhələ üçün hazırlıqlar görülür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu ərazidə hər hansı tikinti ilə bağlı heç bir qeyd yoxdur.
Qeyd edək ki, qanunvericiliyə əsasən ərazidə tikintiyə hazırlıq işləri, o cümlədən ərazinin təmizlənməsi, hasarlanması və geodeziya ölçmələrinin aparılması, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq müvafiq icazələr alındıqdan sonra həyata keçirilir. Bu mərhələ layihə sənədlərinin hazırlanması, razılaşdırılması və tikinti meydançasının təşkili (müvəqqəti yollar, kommunikasiya) ilə başlanır.
Lakin göründüyü kimi Masazır-Novxanı yolunun sağ hissəsində ərazinin heç bir icazəverici sənədi olmadan işləri aparılması qanunvericiliyin tələblərinə ziddir.
Məsələ ilə bağlı Abşeron rayonu İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin münasibətini öyrənmək mümken olmadı.
Qeyd edək ki, son dövrlər Abşeron rayonu ərazisində bu kimi qanunsuz tikintilər ilk hal deyil. Belə hallarla bağlı mütəmadi sosial platformlarda məlumatlar və vətəndaş şikayətləri yayımlanır.
Lakin 2022-ci ildən Abşeron rayon İcra Hakimiyyətinin başçısı olan Abdin Fərzəliyev bu hallara göz yumması müəmmalıdır.
Məsələ ilə bağlı aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:
Zaurpress.az


































