Zaurpress.az
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib
Son günlər sosial şəbəkələrdə, mediada və ictimaiyyət arasında geniş müzakirə olunan məsələlərdən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədov və onun komandası tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi, şişirdilmiş smetalar, formal podrat müqavilələri və yol tikintisi adı altında vəsaitlərin yayındırılması ilə bağlıdır.
Mediaya xəbər ötürən mənbələrin məlumatlarında bu prosesdə adı hallanan qurumlardan biri də vaxtilə Goranboy rayonunun Qaraçinar kəndində yerləşdiyi bildirilən 54 saylı Xocalı Yol İstismar İdarəsidir. İdarənin keçmiş rəhbəri kimi təqdim olunan Məzahir Səlimovun uzun illər bölgədə mühüm maliyyə axınlarına nəzarət etdiyi iddia olunur.
Amma əslində isə Məzahir Səlimov hələ də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin “54№-li Yol İstismari” Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. Məzahir Səlimovun 2007-ci ildən rəhbərlik etdiyi qurumun isə dövlətə 15 245 697.15 manat vergi borcu var.
Medianın yaydığı məlumatlarda vəzifədən kənarlaşdırıldıqdan sonra Saleh Məmmədov özünə yaxın hesab etdiyi regional idarə rəhbərlərini bir araya toplayaraq yaranmış vəziyyəti müzakirə edib. Həmin toplantıda iştirak etdiyi bildirilən şəxslər arasında Məzahir Səlimovun da adı çəkilir.
İddialara görə, idarənin rəhbəri Məzahir Səlimovun bölgədə geniş təsir imkanlarına malik olduğu, bir sıra iri layihə və tenderlərin məhz onun və yaxın çevrəsinin nəzarətində olduğu bildirilir.
Qeyd edək ki, Məzahir Səlimov 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi olduğu dövrdə dövlət vəsaitlərini şəxsi şirkəti olan “Təmir-İnşaat” MMC-nin hesabına köçürərək ciddi maliyyə maxinasiyalarına yol verib.
Belə ki, “Təmir-İnşaat” MMC 22.10.2024-cü ildən 14.10.2025-ci ilə qədər Yevlax rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş 4 satınalmanın qalibi seçilib və ümumi dəyəri 1 567 732 manat məbləğində müqavilə bağlayıb.
Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibti Ərazi Dairəsi üzrə Nümayəndəliyi isə 05.11.2025-ci ildə Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri işləri üzrə “Təmir-İnşaat” MMC ilə 298.687,56 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi də Məzahir Səlimovun sahibi olduğu “Təmir-İnşaat” MMC ilə 10.12.2025-ci ildə Xocalı şəhər inzibati ərazi dairəsində daxili yolların tikinti işləri üzrə 1.699.984,31 manat dəyərində müqavilə bağlayıb. İşin icrası 09.12.2026-cı ildə yekunlaşmalıdır.
İşin daha maraqlı tərəfi də var. Saleh Məmmədovun sədri olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 17.04.2019-cu ildə 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimovun “Təmir-İnşaat” şirkəti ilə Ağdam rayon “Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı” kənd yolunun tikintisi işləri üzrə 2.300.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi Saleh Məmmədov dövlət büdcəsindən ayrılan vəsaitləri formal podrat müqavilələri öz kadrının kağız üzərində olan şirkətinə ayırıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları ilə iş görməklə milyonlarla manat dövlət vəsaitlərini mənimsəmişlər.
Qeyd edək ki, Məzahir Səlimov “Təmir-İnşaat” MMC-ni 2008-ci ildə yaradıb. “54№-li Yol İstismari” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru kimi formal podrat müqavilələri bağlayaraq yol təmir tikintisi adı altında dövlət vəsaitlərini böyük əksəriyyətini təyinatından kənarlaşdırıb. Bütün bunların hamısı da AAYDA sədri Saleh Məmmədovun razılığı ilə həyata keçirilib.
Mediada yer alan məlumatlara görə hazırda araşdırmalar çərçivəsində regional yol idarələrinin maliyyə fəaliyyəti, tikinti müqavilələri və qəbul aktları xüsusi nəzarət altındadır. Bu isə 54 saylı Yol İstismar İdarəsi daxil olmaqla, bir sıra qurumlarda illərlə formalaşmış maliyyə mexanizmlərinin yenidən yoxlanılmasına gətirib çıxaracaq. Prosesin dərinləşməsi halında AAYDA daxilində daha geniş korrupsiya şəbəkəsinin üzə çıxması və yeni vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması istisna edilmir- məlumatlarda qeyd edilir.
Qeyd edək ki, Hesablama Palatasının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində aşkarlanan nöqsanlarla bağlı yaydığı məlumatlardan sonra Saleh Məmmədovun komandasında yer alan şəxslərin də mənimsədiyi dövlət vəsaitləri müzakirə obyektinə çevrilib. Maraqlıdır, Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib? Araşdırılsa çox böyük məbləğlərin talan edildiyi üzə çıxar. Yoxsa Məzahir Səlimov bir-birindən baha avtomobillərə necə sahib ola bilərdi?
Aktualinfo.net































